Google ofisində 2 gün

            Bu yaxınlarda Google şirkətinin Moskvadakı ofisində internet marketinqə həsr edilmiş bir seminarda iştirak edirdim. Seminarın sonunda əfsanəvi Google ofisində gəzintiyə dəvət etdilər bizi, razılaşdıq və… sözün həqiqi mənasında nağıl dünyasına düşdüm. Mən bu yazıda Sizə gəzintidən gördüklərim və gəldiyim nəticələr barədə söhbət açacam.

            İlk əvvəl deyim ki, ofisdə işə gəlmə və işdən getmə vaxtı tam sərbəstdir. İşçilər işə gəlmə vaxtlarını özləri idarəedirlər, həmçinin iş vaxtında istənilən zaman yemək və çay fasiləsi vermək olar.

            Ofisdə bir böyük zal mövcuddur və baş direktordan başqa hamı bu zalda oturur. Bütün iş masaları standartdır, yəni işçilər arasında heç bir fərq yoxdur. Baş direktorun otağı cəmi 12-14 kv.m. ibarətdir. Ofis zalında hər 10-12 metrdən bir qapalı istirahət güşəsi var. Burada işçilər istədikləri vaxt musiqiyə qulaq asa, divanda uzana və ya hansısa kitab oxuya bilərlər.

            Ofisdə bütün danışıqlar toplantı otaqlarında həyata keçirilir. Ümumi olaraq Google ofisində 12 toplantı otağı mövcuddur və ən əsası bu otaqların hər biri hansısa rus nağılının mövzusuna həsr edilmişdir, məsələn gördüyüm nağıllardan: qırmızı papaq, zoluşka, sarevna və s. nağıllar yadımda qaldı.

            İşçilərə gündə 3 dəfə “isveç stolu” prinsipi ilə yemək verilir. Həmçinin ofis zalının təxminən orta yerlərində spirtsiz içkilər təklif edən bir kafe mövcuddur (təbii ki, bütün içkilər pulsuzdur). Burada işçilər özünə xidmət prinpi ilə müxtəlif serinləşdirici içkilər, təbii meyvə suları, çay və kofe icə bilərlər.

            Bina daxilində stul üstü tennis, bilyard, stol üstü futbol, şahmat kimi oyunlar üçün xüsusi yerlər var. Həmçinin stabil iş vaxtında masaj otağı işçiləri gözləyir.

            Bəs Sizcə Google ofisində işçilərin performansı necədir? Bu sualla mən Google MDB baş direktoruna verdiyim zaman cavabı son dərəcə “riyazi” oldu: “Bizim strukturda işləyən bütün işçilərin (Google və YouTube – mənim izahatım) həftəlik və aylıq rəqəmlə ifadə edilə biləcək fəaliyyət planı mövcuddur, hər bir rəhbər öz işçilərinin gördüyü işlərin və bu işlərin şirkətimizə gətirdiyi faydanı izləyə bilir. Əlbətdəki hər bir işçinin fəaliyyəti “ağac sistemi” ilə bir üst rəhbərin fəaliyyətini ortaya qoyur, beləliklə sistem ozü-özünü nəzarət edir.” Təbii ki, hər birimizə zahirən çox sadə görünən cavabın arxasında dünyanın ən varlı şirkətlərindən hesab edilən Google səlist hazırlanmış biznes prosesləri durur. Lakin buna baxmayaraq mən Google olanda şəraiti görüb valeh oldum. Ən əsası Google ofisini gəzdikdən sonra şirkətdə çalışan işçilərdən biri mənə səmimi şəkildə dedi ki, məhz bu tip iş prosesinin təşkil edildiyinə görə Google MDB şirkətin qlobal səviyyədə kadrların faydalı iş əmsalına görə ən öndə gedən filiallarından biridir. Mən bu səfərdən sonra aşağıdakı nəticələrə gəldim:

–          Ofisdə işçilərin rahat iş prosesinin təşkil edilməsi üçün şərait yaratmaq lazımdır;

–          İşçini sıxmaqdansa, ona sərbəstlik vermək daha səmərəlidir;  

–          İşçi sadiqliyi yaratmaq üçün, əmək haqqı deyil, digər amillərdən istifadə etmək vacibdir;

–          Biznes proseslər əmək resurslarının düzgün istifadəsi üçün çox vacibdir;

–          Rəhbərsiz yerdə işlə, subardinasiya olmayan yerdə işləmə.

Hamınıza Google kimi şirkətdə işləmə arzusu ilə…