image_pdfimage_print

Əslində bu bloq postumda əfsanəvi Mersedes brendi və Stuttqartda olan muzeyə getdikdən sonra təəsüratlarımı Sizinlə bölüşəcəkdim… AMMA, hamımız bilirik ki, bugün mətbuat günüdür. Təsadüfən isə məhz bugün mənim Kaspi qəzetində, həmdə internet səhfəsində, intervyumuz dərc edilib. Sizə səmimi deyim, mətbuat (dördüncü hakimiyyət) günündə intervyumuzun olması məni çox sevindirir. Qəzetdən oxumaq imkanı olmayan dostlarımız üçün bloqda intervyunu tam şəkildə Sizlərə təqdim edirəm. Buyurub oxuya bilərsiniz.

Amma təqdim etmədən deyim ki, əgər Siz həm intervyu, həmdə şəkillərə baxmaq istəyirsiniz, onda bu keçidə basın və oriqinaldan intervyu ilə tanış olun. Beləliklə buyurun.

kin Manafov: “Yalnız pula görə deyil, işdən həzz aldığınıza görə biznes qurmaq olar”

İnsanları öyrənməyi sevir. Düşünür ki, müasir marketinq, müasir biznes idarəetmə insanları öyrənmədən mümkün deyil. Müsahibimiz marketinq sahəsində iqtisad üzrə fəlsəfə doktoru, Amerika Marketing Assosasiyasının üzvü, DAAD (Alman akademik mübadilə mərkəzi) təqaüdü ilə Almaniyada ixtisas artırma kursları keçmiş, Rusiyada İnnovativ Marketinq ixtisası üzrə MBA dərəcəsi almış, müxtəlif sektorlarda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə ixtisasartırma proqramlarında iştirak edən İlkin Manafovdur. Hazırda biznesin inkişafı, satış və marketinq üzrə konsaltinq xidmətləri göstərir, regionlarda öz biznesini qurub, həmçinin German Studio şirkətinin sahibidir. Həmçinin Azərbaycanda ilk praktik Marketinq təlimlərinin və onlayn Marketinq televiziyasının (FMR TV) təsisçilərindəndir. Bir vaxtlar şahmat üzrə Azərbaycan çempionu olub.

– İlkin bəy, sizcə, hansa sahədə işləmək, həmin sahənin mütəxəssisi olmaq üçün mütləq həmin sahədə nəzəri biliklər almaq lazımdır, yoxsa, təcrübə kifayətdir?
– Düşünürəm ki, əgər biz uğurlu menecer karyerasını 100 faiz olaraq qəbul etsək, burada təcrübənin payı ən azı 60 faiz, nəzəriyyə, təhsil, kurslar, təlimlər 10 faiz, yerdə qalan 30 faiz isə əlaqələrin, networkingin təsiridir. Amma buna baxmayaraq, əgər biz qarşımıza 100 faizlik güclü menecer olmaq hədəfi qoymuşuqsa, həm nəzəriyyə, həm də təcrübə vacibdir.

– Müasir marketinqdə, biznes idarəetməsində insanları öyrənmək nə dərəcədə vacibdir?
– Mən marketinqə, biznesə yalnız peşə kimi baxmıram. Düşünürəm ki, marketinq bizə hər yerdə və hər zaman lazım olur. Vacib deyil bu, biznesdədir, gündəlik həyatda və ailədədir, biz hər zaman marketinqə ehtiyac duyuruq. Bizim ətrafımız isə insanlardan ibarətdir. Yaxşı marketinq, yaxşı biznes menecer olmaq üçün insanları nəinki öyrənmək, onları sevmək, onlarla dost olmaq lazımdır. İstənilən uğur ilk növbədə sevgidən başlayır. Əgər biz işlədiyimizi işi sevmiriksə, heç bir şəkildə işdə böyük uğur əldə edə bilməyəcəyik. İnsanlar bizim fəaliyyətin mərkəzi nöqtəsindədirlər.

– Ölkənin aparıcı şirkətlərində mrketinq Direktoru, satış və ölkə nümayəndəsi kimi 10 ilə yaxın iş təcrübəniz var. Bir sözlə, digər şirkətlərdə kifayət qədər yaxşı vəzifələrdə çalışmısınız. Necə oldu ki, sərbəst şəkildə işləməyə, marketinq sahəsində konsaltinq xidmətləri göstərməyə və “German Studio” şirkətini yaratmağa qərar verdiniz?
– Daha əvvəl “KUR” MMC və “Embawood” şirkətində marketinq blokuna rəhbərlik etmişəm, sonuncu şirkətdə ölkə nümayəndəsi, satış rəhbəri kimi çalışmışam. Çalışdığım hər iki şirkətdə həyatımın, iş karyeramın uğurlu səhifələri olduğunu düşünürəm və çalışdığım şirkətləri çox sevirəm. Amma xəyallara çatmağın yolu, düşünürəm, şəxsi biznesdən keçir. Biz hansısa şirkətdə böyük karyera qura bilərik, bəlkə də risksiz çoxlu pul da qazanarıq. Lakin xəyallara gedən yol sırf şəxsi bizneslə ola bilər.

– German Studio şirkəti hansı işlə məşğuldur?
– German Studio şirkətinin əsas məntiqi mənzildə mətbəxin rolunu üst səviyyə çatdırmaqdır. Muasir dövrdə insanlar mətbəxə yalnız yemək hazırlama yeri kimi baxmırlar. Bu gün mətbəx ailənin ən çox toplaşdığı yer kimi, mətbəx sahibəsinin fərdi xüsuyyətlərini göstərmək üçün bir arena olaraq istifadə edilir. Biz German Studioda Almaniyanın ən məşhur mətbəx və digər mebel brendlərini insanlara təklif edirik. Yalnız mebel deyil, mətbəxə yeni baxış təklif edirik. Düşünürəm ki, buna hansısa mənada nail oluruq.

– Özünün yeni işini, biznesini qurmaq istəyən insanlara nə tövsiyyə edərdiniz? Bazara yeni mal çıxararkən ilk növbədə nələrə fikir verməlidir ki, uğur qazana bilsin?
– Çıxardığınız mal, yaratdığınız biznes, investisiya və s. əlbəttə, çox lazımlıdır. Lakin hesab edirəm ki, istənilən biznesdə uğur qazanmaq üçün 3 son dərəcə vacib məsələyə diqqət etmək lazımdır.
Birincisi, siz qurduğunuz biznesi çox sevməlisiniz. Yalnız pula görə deyil, işdən həzz aldığınıza görə biznes qurmaq olar. Heç bir şəkildə pulun dalınca qaçmayın, sevdiyiniz işi maksimum səylə görün, pul özü sizi tapacaq.
İkincisi, bildiyiniz işdən başlayın, məlumatınız olmayan sahəyə girişməyin, belə olduqda böyük risk etmiş olarsınız.
Üçüncü, özünüzə inanın. Sizdən yaxşı, sizi tanıyan heç kim ola bilməz. İnandığınız işin üzərində əziyyət çəkin, əmin olun, uğur qazanacaqsınız.

– Marketinq mütəxəssisi kimi necə düşünürsünüz, hər kəs öz uğurlu biznesini qura bilər, yoxsa, öz biznesini qurmaq istəyən adamda hansısa xüsusiyyətlər cəmləşməlidir?
– Əlbəttə, hər bir kəs uğurlu biznes qurmaq imkanına malikdir. Bizim özümüzdən çox şey asılıdır. Amma təbii ki, hamımız buna nail ola bilmirik. Düşünürəm ki, uğurlu biznesmeni fərqləndirən əsas xüsusiyyət ürəyi açıqlıq, riskə gedə bilmə və əlaqə qurma qabiliyyətidir. Muasir biznesdə əlaqələr çox vacibdir.

– Müşahidələriniz nə deyir, ölkəmizdə biznesdə fiaskoya uğramağın əsas səbəbləri nədir? Söhbət kiçik və orta biznes sektorundan gedir.
– Bunun bir çox səbəbləri var. Çox təəssüf ki, orta və kiçik biznesi pis vəziyyətə gətirən əsas səbəblər sahibkarların səhv istiqamətdə getmə istəyidir. Bəzən sahibkarların biznesin inkişafı üçün vacib olan sahələrdə “xəsislik” etməsi, idarəetməni tam öz əllərində saxlamaq istəyi və ya komandanı motivasiya edə bilməməsi böyük problemlərə gətirib çıxarır və biznesi fiaskoya uğradır.

– Deyəsən, rayonlarımızda da mağazalarınız var. Çətin deyil ki, regionlarda fəaliyyət göstərmək?
– Bəli, bölgələrdə mağazalarımız var. İnanın, insan sevdiyi işi görəndə, heç nə çətin deyil. Biz biznesi yeni başladığımız vaxtlar hamı tam əksini düşünürdü. Deyirdilər, bölgələrdə inkişaf yoxdur və ya uzaqdan biznesi idarə etmək çətindir. Amma işi sevdiyin zaman, yaxud komandanı düzgün qurduqda, bütün işlərin öhdəsindən gəlmək mümkündür.

– Sizə hansı konsaltinq xidmətlərinin göstərilməsi üçün daha çox müraciət edirlər? Yəni bilmək istərdik ki, marketinq sahəsində Azərbaycan vətəndaşının daha çox hansı sahədə məsləhətə ehtiyacı var?
– Çox sevindirici haldır ki, konsaltinq sahəsinə tələb gündən-günə çoxalır. Bu gün yerli sahibkar açacağı biznesi intellektual formada idarə etmək istəyir. Bu, o deməkdir ki, ölkə biznesi dinamik formada inkişaf edir. Konsaltinq sektoru ölkə biznesinin aynasıdır. Bizdən ən çox, yeni bizneslərin qurulmasında, marketinq kommunikasiyalarında və brend idarəetmə sahəsində konsaltinq xidmətləri istəyirlər.

– Şahmat üzrə Azərbaycan çempionu olmusunuz. Bir az da şahmata olan marağınızdan danışardınız.
– Şahmat mənim həyat baxışlarımı, dünyagörüşümü, riyazi düşüncə tərzimi formalaşdırıb, amma şahmatın mənə verdiyi ən böyük dəyər əlaqələrdir. Şahmatçıların bir çoxu son dərəcə intellektual, sistemli adamlardılar və onlardan çox şey öyrənmişəm. Ümumiyyətlə, şahmat mənim üçün bir növ biznes məktəb rolunu oynayıb, şahmatı çox sevirəm və bütün gənclərə bu oyunu tövsiyyə edirəm.

– Qısa olaraq karyera yolunda uğur qazanmağınızın sirrini açıqlayardınız?
– Mən uğur qazanmaq üçün çox çalışıram, amma tam uğur əldə etdiyimi deyə bilmərəm. Düşünürəm ki, əgər az da olsa, uğur varsa, bunun əsas səbəbi məhz mübarizlik və əməksevərlikdir. Bu ikisi olduqdan sonra uğur özü bizi tapır. Qeyri-adi heç nə yoxdur. Xaraktercə tam maksimalistəm, hər şeydən – istər biznesdən, istər münasibətlərdən, istərsə də gündəlik həyatımızdan maksimum nəticə almaq istəyirəm.

İntervyu üçün Lalə xanıma dərin təşəkkürümü bildirirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close