image_pdfimage_print

Hal-hazırda fəaliyyət göstərdiyim istiqamətləri ümumiləşdirib rahatlıqla demək olar ki, mən iki istiqamət üzrə çalışıram. Bir tərəfdən biz bizneslə məşğul oluruq (mağazaçılıq və konsaltinq), ikinci tərəfdən biz ölkənin aparıcı iqtisadi təhsil ocağı olan AD İqtisad Universitetində dərs deyirik, həmçinin Marketinq AİR kurslarımızın artıq beşinci məzunlarına sertifikatlar verəcəyik. Bilirsiniz… biz bloqda yalnız etdiklərimiz barədə yazırıq. Ona görə istəyirəm bu yazıda iki ana fəaliyyət arasında bir-birinə sinerji verə biləcək tərəflər barədə söhbət edim.

Dünən yaxın dostumuz, AD İqtisad Universitetinin dissertantı Rafiq müəllimlə eyni Universitetin Marketinq Kafedrasının müdiri Telman müəllimlə görüşümüz oldu. Dostlar… Sizə səmimi deyim, mən çox sevinirəm ki, artıq təhsilimizdə belə savadlı, ziyalı müəllimlərimiz çoxalır. Ümumiyyətlə məncə, İqtisad Universiteti son kadr dəyişiklərindən sonra çox güclənəcək. Buraya əlbəttə, MBA istiqaməti üzrə çalışan yeni rəhbər kadrlarıda qeyd etməyimiz vacibdir. Bu məni sevindirir… neysə keçək mövzuya!

İlk əvvəl qeyd edim ki, bu yaxınlarda bölgədə olan bir məktəb direktorunun: “Bizneslə, təhsil bir arada olmaz, onlar sözləri tutmaz” sözünü eşitmişdim. Bu söz məni çox düşündürdü. Biz bölgələrdə açdığımız Evin Elektronik mağazalarında müəllimlər üçün xüsusi bir kampaniya edirik. Orada fəaliyyət göstərən maarif şöbələri ilə əlaqədə olub, bizim salonlarda elektronika alan müəllimlərə xüsusi şərtlər yaratmışıb. Əlbəttə, bu kampaniyadan rayon müəllimləri çox məmnun olsada, məktəblərin direktorlarından birinin belə deməsi, məni bu istiqamətdə ciddi düşünməyə vadar etdi. Həqiqətəndə biznes təhsildən uzaq olmalıdır? Niyə?

Deyəcəm fikrin yazımızın əvvəlində deyib, yazı boyu tezisimizi bərkitmək istəyirəm. Düşünürəm ki:

Muasir təhsil nəyin ki, biznesdən uzaq olmalıdır… muasir təhsil ən birinci mərhələsindən başlayaraq biznesə, istiqamətlənməlidir. Sərbəstlik, gələcək, müstəqilliyimiz, bizim iqtisadi gücümüz güclü biznesmenlər tərəfindən qurulacaq. Əgər biz cəmiyyətimizə faydalı gənclər yetişdirmək istəyiriksə, onlara biznesi sevdirməliyik. Sevdirmək üçün biz özümüzdə biznesi sevməliyik. Bir sözlə muasir təhsil biznesə “qucaq” açmalıdır.

Mən niyə belə düşünürəm?

İlk əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında, Ali Attestasiya Komissiyasında elmləri namizədi dissertasiya işini müdafiyyə etdiyim dövrlər yadıma gəlir. Yadıma düşür ki, bugün olan hətta iqtisadçı alimlərimizin bir çoxu belə, muasir biznes yanaşma, marketinq, bazar iqtisadiyyatının prinsiplərinə yad insanlardır. Çox təəsüf ki, bizim “alim-professor” elitamızın böyük əksəriyyəti planlı iqtisadiyyatda yaşamış, ixtiralar etmiş alimlərdilər. Onlar çox savadlıdırlar. Onlar çox bacarıqlıdırlar. Onlar dahidirlər… AMMA və LAKİN. Onların dedikləri, keçmişdə planlı iqtisadiyyatda qalıb. Bugünün iqtisadi prinsipləri barədə öyrənmək, öyrətmək, danışmaq üçün mütləq biznesin içərisində olasan. Gənc alimlərimiz bunu etməlidir… gənc alim isə hardadır?

Hər zaman dediyim fikri bir daha yadınıza salmaq istəyirəm. Praktika olmadan PhD boş şeydir. Praktika olmadan Ali məktəblərdə biznes istiqaməti üzrə dərs demək… yumşaq desək yaxşı deyil. Hələ-hələ sovet dövründə alimlik dissertasiya etmiş, cavanlıq dövrü planlı iqtisadiyyatın parlaq zamanında olan birinin muasir biznesdən danışması heç bir şəkildə tələbəyə lazımı biliyi verə bilməz. Verə bilmir.

Ali məktəbin ən böyük hədəfi və ya ən böyük uğuru məzunlarının yüksək vəzifələrdə çalışmasıdır. Dünyada lider olan Universitetlərin “sinələrinə döyə-döyə” dedikləri məsələ, məhz məzunlarının ildə 60 min dollardan az qazanmaması və ya TOP menecmentdə çalışmaları olur. Başqa sözlə desək, Ali məktəb elə bir məzun “istehsal” etməlidir ki, o əmək bazarında tələbat olan birisi olsun. Bunun üçün ali məktəb nə etməlidir?

Əlbəttə, bunu ən birinci yolu, bizneslə münasibətlərini yaxşılaşdırmaq olmalıdır. Bugün ali məktəblər biznes sektoruna özləri çıxmalıdır və nail olmalıdır ki, hansısa böyük şirkətlər ali məktəbin daxilində öz kabinetlərini, iş prosesləri gətirsinlər. Məsələn…

  • İqtisad Universiteti üçün əla olar ki, Azercell, Bakcell, Unibank, Bank of Baku və s… öz HR departamentinin bir sektorunu bu ali məktəbə gətirsin. Universitet qazancı məzunlarının sözü gedən şirkətlərdə daha tez işlə təmin edilməsi, biznesin üstünlüyü gənc kadrları tapmaq ola bilər;
  • İnşaat və Memarlıq Universiteti bugün Embawood çox sıx əlaqədə olmalıdır. Axı onun işçiləri bitirdikdən sonra öz ixtisası üzrə çalışmalıdır…
  • Bugün Turizm İnstitutu mütləq eyni sektorda olan şirkətlərlə bir “nəfəs” almalıdır…

Məsələ burasındadır ki, bizim məzunlarımızın ən böyük problemi ixtisas üzrə çalışmamasıdır. İxtisası üzrə çalışmadığından 4 ildə… bəzən hətta 6 ildə öyrəndiklərinin heç bir faydası olmur. Digər tərəfdən tələbə 4 il ərzində ixtisasını sevdiriləcək və ya ona konkret biliklər verəcək adamlarla rastlaşmır. Əgər tələbə təshil aldığı müddətcə, öz ixtisasını mükəmməl bilən, bu sahənin praktik AS-ı olan adamlarla tanış deyilsə, deməli heç bir şəkildə ixtisas sevgisi yaranmayacaq. Onlar mütləq real praktikada olan məsələlərlə, maraqlı formada tanış olmalıdırlar.

Düşünürəm ki, ölkədə ali məktəblərin və ya ümumiyyətlə təhsilin səviyyəsini qaldırmağın ən əsas istiqamətlərindən biridə təhsili biznesə yaxınlaşdırmaq olmalıdır. Yalnız belə olduqda həqiqi ehtiyyaclar önə çıxacaq, yalnız belə olduqda “yalan” təhsilimizdə olmyacaq.

P.S. Çox gülməlidir… bizdə elə bir steriotip yaranıb ki, biznes yalançılıq deməkdir… əslində isə bu tam əksidir. Bizneslə məşğul olan insanlar butün dünyada düz danışan, müstəqil adamlar olurlar.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close