image_pdfimage_print

Bugünlərdə Kaspi qəzatində və internet saytında məndən xobbim barədə intervyu istədilər. Həvəslə suallarına cavab verdim və əgər Sizin üçün maraqlıdırsa aşağıdan oxuya bilərsiniz. Mənim xobbim nədir?!

Bu arada intervyu görə Lalə xanıma öz təşəkkürümü bildirirəm.

İlkin Manafov gəzdiyi ölkələrdəki kimi bizdə də insanların həyatdan zövq almasını arzulayır
Parisdə düz 3 saat icarəyə götürdüyü maşını axtarıb tapa bilməyib, rəssam Van Qoqun muzeyini ziyarət etmək üçün Amsterdam əvəzinə qatardan başqa şəhərə düşüb. Olduğu ölkələrdə başına gələn əhvalatlar bitib tükənmir. Müsahibimiz “German Studio” şirkətinin sahibi, biznesin inkişafı, satış və marketinq üzrə konsaltinq xidmətləri göstərən İlkin Manafovdur. İlkinin hobbisi xarici ölkələri gəzməkdir.

Həzz, maraq və fayda

Xaricə ilk səfəri uşaq vaxtına təsadüf edir. Müəllim işləyən valideynləri hər il yay tətilində uşaqlarını da götürüb hansısa xarici ölkəyə istirahətə gedərmiş. Daha sonra İlkin şahmatla aktiv məşğul olmağa başlayır və yarışların çoxu xarici ölkələrdə keçirildiyidən səfərlərinin arası kəsilmirdi. Beləcə, xaricə səfər hobbisinə çevrilir.

Onun fikrincə, xarici ölkələrə getmək heç də çoxlu maliyyə tələb etmir: “Xarici ölkələrə səyahət birbaşa maliyyə durumu ilə əlaqəli deyil. Əlbəttə, xarici ölkəyə getmək üçün mütləq pul lazımdır. Amma bu, düşündüyümüz qədər də baha deyil. Elementar bir şey deyim: məni valideynlərim bizi xarici ölkələrə apardıqları zaman, inanmıram ki, böyük maddi imkanları olub. Eləcə də mənim xarici səfərlərim üçün böyük maddi xərclər tələb edilmir. Əsas həvəsdir. Çox yaxşı olar ki, işlə gəzintini bir araya salasan. Mən çox zaman xarici ölkələrə gedəndə ailəmlə gedirəm. Həm işimi görürəm, həm də ailəmlə zaman keçirirəm”.

Getdiyi ölkələri saymasa da, xeyli ölkədə olduğunu deyir: “Amma çox ölkədə olmaq şərt deyil. Şərt getdiyiniz ölkədə haralara baş çəkməkdir. Məsələn, Parisdə olmaq şərt deyil, Luvrda olmaq vacibdir. Əslində heç Luvr da vacib deyil, vacib olan daha əvvəl Luvrda olan əsərlərin tarixi ilə tanış olub ora konkret nəyəsə baxmağa getməkdir və s. Ümumiyyətlə, çalışıram, etdiyim butün işlərdə həzz, maraq və fayda olsun. Bu üç amil olmayan istənilən bir fəaliyyət məndə uğurlu alınmır. Buna görə hobbim bu gün birbaşa biznesimlə əlaqəlidir”.

Xarici ölkələrdə ən çox xoşladığı öz sahəsi ilə əlaqəli istiqamətləri gəzməkdir: “Daha konkret desəm, mebel və ev əşyaları satılan mağazalardan çıxmıram. Bəxtimdən bu yerlər adətən şəhər kənarında olur və təbii olaraq belə yerləri tapmaq, orada olmaq çox vaxt aparır. Səmimi deyim ki, mebel və ev əşyaları satılan mağazaları gəzməyəndə elə bilirəm həmin xarici ölkədə olmamışam. Mağazalardan sonra xaricdə üz tutduğum məkanlar muzeylərdir”.

Həyatında iz buraxan ölkələr

Getdiyi, gəzdiyi ölkələr arasında üç yer onun həyatında dərin iz buraxıb: “Bu ölkələr Almaniya, Rusiya və qardaş Turkiyədir. 1998-ci ildə Türkiyədə gənclər arasında şahmat üzrə dünya olimpiadasında ilk dəfə qızıl medal qazanmışam. İndiyə qədər İstanbula gedəndə çalışıram hoteli Beyoğludan tutum. Çünki qalib olduğum vaxt həmin yerdə qalırdıq.

Rusiya bir ölkə olaraq mənim iş həyatım üçün vacibdir. Mən burada həqiqi iş dünyası ilə tanış olmuşam. Moskvanı çox sevirəm.

Almaniya mənim ən çox olduğum xarici ölkədir. Təhsilim və rəhbərlik etdiyim “German Studio” şirkətinin fəaliyyəti ilə bağlı Almaniyaya çox gedirəm. Bu ölkədə içdiyim pivənin ləzzəti isə başqadır. Bir sözlə, Almaniya mükəmməldir”.

Almaniyanı çox sevsə də, bu ölkədə daimi yaşamaq istəmədiyini deyir: “Ömrümün sonuna qədər yaşamaq istədiyim tək və yeganə ölkə Azərbaycandır. Necə deyərlər, “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”.

Müsahibimizin getdiyinə peşman olduğu ölkə də var: “Türkmənistanı heç sevmirəm. Orada insana verilən dəyəri, daha doğrusu, dəyərsizliyi görüb pis oldum. Getdiyimə peşman oldum”.

Geyim əşyalarından başqa xarici ölkələrdən demək olar heç nə almır. Bunun da əsas səbəbi israf etməyi sevməməsidir. Xaricdə paltar ölkəmizlə müqayisədə daha münasib qiymətə və bol çeşidə malik olduğundan yalnız geyim almağa üstünlük verir.

3 saat Parisdə maşınımı axtardım

Uzaq məmləkətlərdə başına heç vaxt unutmayacağı maraqlı hadisələr də gəlib. Öz dilindən eşidək: “O qədər hadisələr olub ki… Bir dəfə Düsseldorfda olanda gərara gəldik ki, rəssam Van Qoqun muzeyinə gedək. Amsterdama ilk səfərim idi. Vaxtımız çox az olduğu üçün gedəcəyimiz yerləri dəqiq planlamışdım. Düsseldorfdan Amsterdama bilet aldıq və holland dilində Amsterdam dedikdə vaqondan düşdük. Amsterdam haqda çox oxumuşdum. Amma qatardan düşəndə oxuduqlarımın əksini görüb bir az peşmanladım da. Yoldan keçənlərin birindən Van Qoqun muzeyinin harada yerləşdiyini soruşdum. Yarı ingilis, yarı alman dilində olan cavab çox maraqlı oldu: “Van Qoq muzeyi Amsterdamdadır”. Təəccübləndim. Dedik yəqin dillərini başa düşmədik. İkinci adam eyni cavabı verəndə anladıq ki, Amsterdam yerinə tamamilə fərqli bir şəhərə gəlmişik.

İkinci hadisə Parisdə olub. Şəhərə ilk gəldiyim gün avtomobil icarəyə götürdüm və şəhər mərkəzinə gedəcəyim üçün maşını metro stansiyalarının birində parkinq etdim. Bundan sonra piyada işlərimin dalınca getdim və axşam maşını götürməyə gələndə tapmadım. Düz 3 saat gecə vaxtı maşını axtardım və sonda tapa bilməyib taksi ilə hotelə qayıtdım. Maşını sabah gedib tapdım”.

Söhbətimizin sonunda İ.Manafov bildirdi ki, çox istəyir ki, getdiyi və bəyəndiyi ölkələrdəki kimi bizim də cəmiyyətdə insanlar nikbin, həyat dolu olsunlar, yaşamaqdan zövq ala bilsinlər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close