image_pdfimage_print

Bügünlərdə dostumuz Pərviz Azimov məndən müsahibə verməyimi istədi. Sözün açığı Anar Bayramovun intevyusundan sonra, mənim danışmağım çətin edi… amma yenədə sualları cavablandırdım və ana dilimizdə olan KİV-də intervyu işıqlandı. İstəyirəm müsahibəni Sizlərə bloqumuz vasitəsi ilədə çatdıraq. Amma bundan əvvəl Pərvizə bəyə zəhmətinə və təşəbbüsünə görə çox sağ ol deyirəm. Maraqlıdırsa oxuyun…

Qaynar.info-nun müsahibi tanınmış marketoloq, Marketinq AİR və Milli Marketinq Forumun təsisçisi, German Studio şirkətinin sahibi İlkin Manafovdur. İlkin Manafov marketoloqlar arasında həm də aktiv bloqçuluğu ilə seçilir. Onunla müsahibəyə də bu sualla başladıq.

– İlkin bəy, xoş gördük. Siz marketoloq olmaqla yanaşı həm də bloqçu kimi tanınırsız. Bloqçu İlkin Manafov ilə, marketoloq İlkin Manafov arasında hansı fərqlər var?

– Ümumiyyətlə İlkin Manafov bloqçu deyil, sadəcə bloqda özünün biznesdə yaşadıqlarını paylaşır. Belə demək mümkünsə, bloqçuluq sadəcə xobbidir. Bu mənada onların arasında həm böyük fərq var, həm də heç bir fərq yoxdur. Eyni adamdırlar. Bloq yazan İlkin Manafov bloqçudur deyə yazmır, sadəcə düşünür ki, hansısa hadisə haqqında fikri var və o fikri bloqda yazır. Bir növ bloq İlkin üçün bir tribunadır. Ancaq o özünü bloqçu kimi görmür.

– Sualı əslində ona görə vermişdim ki, 2015-ci ildə keçirilən bəzi sorğularda ilin bloqçusu seçilmişdiz. Bu adı qəbul etdiniz?

– Xoşbəxtçilikdən bu ad bir titul deyil, bir seçimdir.  2015-də İlkin olub, 2016-cı ildə Rafiq Hunaltay olacaq, 2017-ci ildə Anar Bayramov olacaq və yaxud yenidən Rafiq Hunaltay seçiləcək. Oxucunun gözü tərəzidir. Amma İlkin özü hər gün səhər duranda düşünmür ki, mən bu gün mütləq yazmalıyam və ya yazmayanda düşünmür ki, mən bu gün yazmadım axı, nə olacaq?

– “360 dərəcə branding” kitabının satışı, reaksiyalar, oxucuların münasibəti necə idi?

– “360 dərəcə branding” kitabı mən sizə deyim ki, mənim gözlədiyimdən daha müsbət qarşılandı. Əslində hər zaman deyirlər ki, Azərbaycanda kitab oxuyan yoxdur, amma bu kitab kifayət qədər oxundu və oxunur. Yadıma düşür ki, prinsipal bir yanaşma oldu. “360 dərəcə branding” kitabı çıxana qədər Azərbaycanda kitablar 5-6 manatdan yuxarı deyildi. Hətta mənim yadıma gəlir biz kitabı çıxardanda kitabçı yaxın dostlarımız bizə dedilər ki, Azərbaycanda 5-6 manatdan baha olan kitablar oxunmur. Mən isə düşündüm ki, Azərbaycanda kitabın dəyərini qaldırmaq üçün, azərbaycandilli oxucuya daha çox hörmətli yanaşmaq üçün qiymət həm də ona görə önəmlidir ki, kitabın dəyəri artsın. Həmin vaxt kitabın qiymətini o vaxt satılan marketinq kitablarının qiymətindən 2 dəfə daha baha qoyduq. Buna baxmayaraq oxucu həqiqətən kitabı aldı, oxudu. Bir sözlə tez bitdi kitab. Mən çox sevinirəm ki, bu günün özündə də Ali və Nino kimi kitab şəbəkələri deyirlər ki, o kitabdan bizə çox göndərin, biz onu yetişdirə bilmirik. Çatdıra bilmirik. Bu bir növ sevindirici haldır. Ancaq “360 dərəcə branding” kitabının əsas mahiyyəti ondan ibarətdir ki, biz bu kitaba yalnız kitab yazmaq kimi baxmırıq, biz bunu ölkəmizdə marketinq inkişafına həsr edilmiş uzunmüddətli silsilə tədbirlərin bir parçası kimi baxırıq. Ola bilər “360 dərəcə branding” kitabı İlkin tərəfindən yazılıb, ancaq mənim gözümdə “Biznes nə istəyir?”, “Bu günün marketinqdi” kitabları da eyni dərəcəlidir. Bu silsilə tədbirlərdir və bunun kökü Marketinq AİR-dir. Bunun da tarixi gedir 2012-ci ilə. Hələ o vaxt bu tədbirlər planı yazanda biz söz verdik ki. 2015-ci ildə hərəmiz bir kitab yazaq. Qərara aldıq ki, hərəmiz öz sahəmizə aid kitab yazaq. Mənim də marketinq ixtisaslaşma istiqamətim brandinq olduğu üçün bu sahədə kitab yazdım, Anar müəllim bu günün biznesi haqqında yazdı, Rafiq müəllim də, bu günün marketinqi haqqında. Ümumi nöqteyi nəzərdə hesab edirəm ki, uğurlu oldu.

– Marketoloq olmaqla yanaşı özünüz həm də biznes sahibisiz. Böhran işinizə təsir edirmi?

– Ümumi olaraq mənim böhrana yanaşmam müsbətdir. O demək deyil ki, mən deyirəm böhran yaxşıdır, sadəcə olaraq biznes üçün bir filterdir. Böhrandan çıxan insanlar, sahibkarlar biznesi daha düzgün başa düşəcəklər. Böhranı biznesin bir növ filteri kimi görürük. Azərbaycan iqtisadiyyatı son ildə 2 rəqəmli inkişaf edirdi. Biznes özü heçnə etmirdi, sadəcə qurulurdu və bazar o biznesi gəlirli edirdi, çünki bazar daima inkişaf edirdi. Məsələn, mənim yaxşı bildiyim mebel bazarı 2006-2007-ci ildə 60 faiz, 2008-2009-cu illər arasında 55 faiz, 2011-2012-cı illərdə 35 faiz artım verib. 2005-ci ildə bir azərbaycanlı mebelə ildə 25 manat xərcləyirdirsə,  2012-ci ildə bu rəqəm 60 manat olub. Bunu dollara çevirəndə hardasa 85 dollar edirdi. Azərbaycan mebel sərfiyyatına görə postsovet məkanının ən böyük mebel sərfiyyatçısı idi. İnsanlar daha çox mebel alırdılar. 2014-cü ilin dekabr ayından Azərbaycan iqtisadiyyatının bütün sahələrində zəiflik başladı. Bu əziflik özünü başladı hər şeydə hiss elətdirməyə və təbii ki, ölkədə böhran başladı. 2015-ci ildə devalvasiyadan sonra böhran daha da dərinləşdi və bütün sahibkarlar problemlə üzləşdilər. Problem o idi ki, ölkədə istehlakçıların alıcılıq qabiliyyəti azalırdı, biznesin inkişaf tepmi azaldı və birdən – birə sahibkarlar bilmədilər nə etsinlər. Hazırda da bilmirik nə edirik. Ona görə də vəziyyət çətinləşdi. Təbii ki 2015-2016-cı ildə böhran fərqli iqtisadi konnikturla biznesin qarşısına çıxır. Biznesmenlər görürlər ki, artıq dünən işlədiyi kimi işləyə bilməzlər. Bugünki gün nə etmək lazımdır, nə etmək lazım deyil?! Mən sizə deyim ki, bu çox ciddi müzakirə predmetidir. Ancaq yenə də tam səmimi deyim ki, mən böhrana müsbət baxıram.

– Hansı mənada müsbət?

– Böhrana görə bazarda olan qeyri – profesional sahibkarlar, başqa dillə desək biznesin piyi azalır. Neftin bizə verdiyi piy nəticəsində biz bilmirdik nəyi yaxşı edirik, nəyi pis edirik. Məsələn bizə reklam lazim idi, götürüb bütün kanallarda reklam verirdik. Bir növ hədəfi vurmaq üçün snayperdən yox avtomatdan istifadə edirdik. Ancaq bu gün güllələrimizin sayı qurtardığına görə bizim piyimiz azalır. Piy azalanda insan daha hərəkətli, daha mobil və daha qüvvətli olur. Mən düşünürəm ki, böhran ölkə iqtisadiyyatı üçün lazımlıdır. Necə ki, immuniteti zəif insanlar xəstəliyə zəif dözür. Böhran o insanlara daha çox təsir ki, onların immuniteti zəifdir. Bu nöqteyi – nəzərdən mən böhranda dərin bir problem görmürəm, mən müsbət baxıram və inanıram ki, Azərbaycan iqtisadiyyatı özünü reabilitasiya edəcək. Bu ağıllı və güclü sahibkarlar tərəfindən ediləcək və inanıram ki, tezliklə Azərbaycanda güclü sahibkarlar yaranacaq.

15 il ərzində Azərbaycana gələn neft gəlirləri müsbət formada xərclənmədi 

– Anar Bayramov demişdi ki, “Böhrana müsbət baxmaq şişirdilmiş pafosdan başqa bir şey deyil”…

– Mən böhranda kiçik sahibkar rolundan orta sahibkar roluna doğru hərəkət edə bilmişəm. İnanın səmimiyyətimə mən burda heç bir pafosdan danışmıram. Böhran zamanı yeni iqtisadi kanyuktura olur. Bu, bizim qarşımıza bilmədiyimiz suallar qoyur. Biz artıq hesablaya bilmirik ki, 2010-cu ildə nə etdik ki, uğurlu olduq, gəlin 2011-də də onu edək. Artıq 2015-də, 2016-da o işləmir. Biz 2016-ci ildə özümüzün German Studio şirkətində böyük çətinliklə qarşılaşdıq. German Studio luksə xitab edən bir markadır, bütün mallar Almaniyadan gətirilir, Almaniyanın 6-dan çox şirkətinin biz Azərbaycanda distribyutoruyuq və bizim müştərilərimizə mallarımıza durduq yerə 2 dəfə baha təklif etməyə başlayırıq, çünki euro qalxıb və eyni zamanda müştərinin cibində pul azalıb. Yəni, alıcılıq qabiliyyəti aşağı düşüb. Burada 2 yol var. Birinci yol odur ki, German Studionun ağzı bağlanmalıdır və biz deməliyik ki, alınmadı, böhrandı və artıq o mebəlləri satmaq mümkün deyil. İkinci yol isə odur ki, mən və partnyorum oturub söhbət edirik ki, biz nə edə bilərik ki, öz müştərimizə elə bir məhsul təklif edək ki, biznesimiz bağlanmasın. İlk olaraq ağlımıza gəlir ki, biz Almaniyaya gedirik, orada polfabrikat istehsalçı tapırıq, onunla müqavilə imzalayırıq, İT şirkəti tapırıq, alman dizayn tərzini uyğulayan komputer proqram düzəldirik və onu insanlara təqdim edirik, onu müştəriyə təqdim edirik, mebel sifariş olandan sonra onu almaniyadan polfabrikat gətirib, Azərbaycanda istehsal edib müştəriyə təqdim edirik. Durduğumuz yerdə yeni biznes model çıxartdıq. İnanın ki, 2013-cü ildə bu bizim ağlımıza gəlmirdi, çünki o zaman neft var idi, pul var idi və məcburiyyət yox idi. Başqa bir misal, biz xərcləri minimuma endirdik. Məsələn icarədara yaxınlaşıb, durumu izah edib aylıq icarə haqqını azaltdıq.

– Azərbaycana uzun müddət neft gəlirləri gəldi. Bu gəlirlər necə xərclənməli idi, amma xərclənmədi ki, bu günki problemlər ortaya çıxdı?

– Pərviz bəy, çox çətin sualdı. Mən düşünürəm ki,  15 il ərzində Azərbaycana gələn neft gəlirləri müsbət formada xərclənmədi. Bu birmənalı olaraq belədir. Ölkə iqtisadiyyatında işləri daha müsbət formada təşkil etmək olardı. 15 il ərzində  Azərbaycan iqtisadiyyatı nə qazandı?! Çoxlu infrastruktur layihələri oldu… Mən düşünürəm ki, istənilən inkişaf qıtlıqdan yaranır. Almaniyanın XXXXX bir vilayəti var, Avropada olan patentləşdirilmiş texnologiyanın 50 faizi bu vilayətdə yerləşir. Balaca bir vilayətdir. Bu vilayətin özünə xas bir xüsusiyyəti var. Burada yeraltı və ya yerüstü sərvəti yox idi. Bir dövr olub ki, burada insanlar rəsmən acından ölürdülər. Buna baxmayaraq şvablar yeni düşüncələr fikirləşiblər və bügunki inkişafa gəliblər. Süfrədə yemək çox olanda insan qənaət haqqında düşünmür. 15 il ərzində süfrəmizdə o qədər nemət çox olub ki, biz onu qənaətlə xərcləməmişik. Mən böhranı bu mənada şans kimi görürəm ki, bəlkə böhran bizim makro iqtisadiyyatımızı ayıltsın. Bəlkə bundan sonra biz başa düşək ki, sahibkar düşmən deyil.  O iş yeri yaradandır. Bütün dünyada sahibkarın adına küçələr var. Azərbaycanda qətiyyən bu təcrübə yoxdur. Mən düşünürəm ki, 15 il Azərbaycan üçün bir yol idi. Bu, tarixdir. Mən keçmişə yönəlik nələrsə deməyi sevmirəm. Çox istəyirəm gələcək haqqında danışım. O haqda ki, bundan sonra nə etmək lazımdır? Necə müalicə alaq ki, neftin qoxusu bədənimizdən çıxsın, çünki o elə bir məhsuldur ki, o olanda hər yerdə qoxusu gəlir.

– Doğurdanmı bəzilərinin dediyi kimi iş yerlərində ixtisara düşən insanlar şişirdilmiş işçi kütləsi idi ya  sahibkarlar məcburiyyət qarşısında qalıb çıxardır işçiləri?

– Əlbətdə məcburiyyətdən çıxarılmış işçilər idi. Biznesmeni, sahibkarı günahlandırmaq  olmaz ki, siz niyə işçini çıxarmısız. Burada sahibkar mütləq qaydada öz mənafeyini düşünür. O, öz mənafeyini düşündüyü halda, cəmiyyətin mənafeyi üçün də düşünmüş olur. İstənilən halda Azərbaycan biznes mühitində piylər var. Bilirsiz biznesin ən böyük problemi odur ki, Azərbaycan biznesində məmur var. İndi azalsa da, amma yenə də var.

– İştirakçı kimi ya müdaxiləçi kimi?

– Sahibkar kimi. Biz ona nail ola bilsək ki, biznesdə məmur olmasın, inanın ki, Azərbaycan biznesi çox yüksək inkişaf edə bilər. Çox zaman soruşurlar ki, dövlətin biznesə dəstəyini necə görürsüz? Mən isə düşünürəm ki, dövlətin yeganə dəstəyi o ola bilər ki, biznesə qarışmasın.

– Bu liberal yanaşmadır…

– Normal biznesmen özü ayaq üstə dayanmağı bacarmalıdır. Ən dadlı yemək öz yağında bişəndir. Mən düşünürəm ki, sahibkar özü hər şeyi araşdırmalı və inkişaf etdirməlidir.

Mak.az-ın da yaradıcılarının qulluğunda hazıram

– Məncə emosiyanı biraz artıraq. Yadıma gəlir, 2009 – 2011-ci illərdə Azərbaycanda marketinq cəmiyyəti, çevrəsi bir növ şou biznesi xatırladırdı. Fərq onda idi ki, qalmaqallar daha elmi formada baş verirdi. Mak.az kollektivi ilə, Facemark və ya AİR kollektivi arasında dava nə idi və ölkədəki marketinqin inkişafına necə təsir etdi?

– (Gülür). Mak.az haqqında danışacam. Ondan əvvəl bir şeyi danışım. Sizinlə görüşə gəlməmişdən əvvəl Facebook-da status və şərhləri oxuyurdum. Milli Marketinq Forumunun loqosu haqqında müzakirə gedirdi. Mən həmişə hesab etmişəm ki, əsl marketinq reklam, pr və ya dizayn fəaliyyəti deyil. Marketinqin canı müştəri ehtiyaclarını ödəyib pul qazanmaq qabiliyyətidir. Vacib deyil, Nike-in loqosu belədir ya elədir. İstənilən loqonu  loqo edən, onun arxasında dayanan biznes fəaliyyətidir. Siz dünyanın istənilən böyük şirkətlərinə baxaq. Məsələn heç görmüsüzmü Procter& Gamble Kan festivalında qalib olsun?! Yox! Reklam sənayesi maraqlıdır ki, şərti loqolar, sloqanlar haqqında kitablar yazılsın, dəyəri şişirdilsin. Bu, onların çörəyidir. Bu gün də Marketinq Azərbaycan qrupunda yazılanlara baxdım, 90 faiz yazanlar reklamçılardır. Bu təbii haldır, öz çörəklərindən yazırlar. Ancaq biz unutmalı deyilik ki, şirkəti reklamçılar xilas etmir. Biznesi idarə edən sahibkar düşüncəli və dinamik hərəkətli insanlardır. Mən biznesdə icranın dəyərinə çox inanıram. Mən biznesin köpüyünü sevmirəm. Hansısa markanın loqosuna oxşatmaq olar, amma onun verdiyi emosiyanı vermək olmaz. Biz Marketinq AİR təlimlərini artıq 4 ildir edirik. İnanın səmimiyyətimə, orda olan mühitdən həzz alıram. Heç bir digər toplantı və ya struktur o mühiti yarada bilməz. Milli Marketinq Forumu ölkədə ilk dəfə olan marketinq tədbiridir. Biz bu tədbirləri dırnağımızla yaratmışıq. Mənə hərdən gülməli gəlir ki, Azərbaycanda marketinqin inkişafı üçün əlini ağdan qaraya vurmayan insanlar durub hansısa bir loqo müzakirəsini uzadır. Ancaq mən hesab edirəm ki, nəyinsə haqqında danışırlarsa, demək iş var. Vay o günə ki, heç kim bizim haqqımızda danışmasın. Mak.az-a gəldikdə… Məmməd Kərimov yəqin bunu xatırlayar. Mak.az-da ilk məqalə verən İlkin Manafov olub. O vaxt Mak.az forumlar var idi, mən də girirdim və öyrənirdim. Bu günə qədər ordakı dostları xatırlayıram və bu günə qədər Mak.az-a minnətdaram. Mak.az Azərbaycanda marketinqin inkişafı üçün böyük işlər görüb. Mən bilirəm ki, o vaxt o işləri nə qədər zəhmətlə edirdi. Çünki bu gün o tədbirləri daha geniş formatda edirik və görürük ki, nə qədər böyük çətinliklər və zəhmətlər var. Rəhmətlik Rəhim Hüseynov bir dəfə dedi ki,  (Azərbaycan Marketinq Cəmiyyətinin keçmiş rəhbəri – P.Ə.) o fəaliyyətdə ki, kommersiya məqsədi, pul yoxdu, əslində orda rəqabət olmur, ədavət olur. Mən düşünürəm ki, Mak.az ilə Facemark   rəqib olmayıb. Çünki sağlam düşünsək, ikisinin də məqsədi ölkədə marketinqin inkişafıdır. Kaş ki, üçüncü, dördüncü belə qurumlar, kaş ki, Milli Marketonq Forumundan əlavə Milli Marketinq Konfransı və başqa tədbirlər olsun, hansısa qrup olsun, biz də girək ora yazaq ki, sizin qrupun loqosu pisdir, amma təəssüf ki, bu yoxdur. Mən heç kimə pis yanaşmıram. Mak.az-ın da yaradıcılarına böyük hörmətim var, onların qulluğunda hazıram. Çünki mən özüm də bəhrələnmişəm. Söhbət gedir 2007 -2008-ci illərdən. Mak.az o dövr üçün qeyri – adi portal idi və biz hamımız ondan öyrənirdik.

– Sualıma cavab ala bilmədim. Sonra nə oldu?

– Buna mən düzgün cavab verə bilmirəm. Hər il biz MMF keçirdəndə Mak.az komandasından kimlərisə ora dəvət etmişik. Şəxsən mən – İlkin Manafov olaraq etmişəm bunu. Özüm zəng etmişəm ki, xahiş edirəm MMF-də iştirak edin. Mən onlarla rəqib deyiləm, pis münasibətdə deyiləm. Ola bilsin nəyəsə görə münasibətlər pozulub və bəlkədə onlara belə gəlir, ancaq mən elə düşünürəm ki, vurduğumuz zərbələr eynidirsə, hər iki tərəfin düşməni marketinqdə olan savadsızlıqdırsa, bunlar necə rəqib ola bilər ki?! Gəlin  birləşək.

– Bu yaxınlarda belə xəbər yayıldı ki, icazəsiz film çəkənlər 2000 AZN cərimə olunacaqlar. Belə bir qərar hansısa reklamın çəkilişə, kampaniyanın keçirilməsinə tətbiq olunsa, münasibətiniz necə olar? Hər halda qismən oxşar sahələrdir. 

– Mən hesab edirəm ki, qadağalar minimuma endirilməlidir. Mən hesab edirəm ki, hər bir qadağa ölkədə bürokratiya yaradır. Əgər yaradılan məhsullar insanlar üçün, cəmiyyət üçün nəsə problem yaratmırsa, qadağa qoymaq düzgün deyil. Bu qərara münasibətim mənfidir. Azərbaycanda marketinqin reklam qolu digər postsovet ölkələri ilə müqayisədə çox az inkişaf edib. Elementar Gürcüstanın reklam ənənələri Azərbaycanın reklam ənənələrindən çox dərindir. Mənim yadıma gəlir çalışdığım şirkətdə reklamları Gürcüstanda çəkirdik. Səbəb çox sadə idi: Reklamlar keyfiyyətsiz idi, reklamçılar baha işləyirdi və ya Azərbaycanda köpük var idi. Azərbaycanlı reklamçılar danışırlar. Gürcülər isə danışmağa az yer ayırır, əvəzində iş görürdülər. Məncə bu gün qadağalardansa, Azərbaycanda reklamçılığı, kinomotqrafiyanı stimullaşdırıcı addımlar atılmalıdır. Məsələn, bu yaxınlarda Oğlan Evi filmi çıxdı. Çox gözəl film idi. Bu kimi işlərə dəstək olmaq lazımdır.

– Bu gün sahibkarsız. Yeni biznes qurmaq fikriniz olsa, Anar Bayramov və ya Rafiq Hunaltay, hansı biri ilə ortaq olmaq istərdiz və ya hansını ortaq seçərdiz?

– Səmimi deyim, lazım gəlsə üzlərinə deyim ki, heç biri ilə ortaq olmazdım. Səbəb sadədir: Biznes ortağı seçərkən, o ortaq sənin əksin olduğu zaman daha uğurlu olur. Başqa bir misal çəkək; Əgər sən marketoloqsansa, ortağın maliyyəçi olanda daha uğurlu olur. Rafiq Hunaltay və Anar Bayramovla dost olmağı seçərdim, çünki hər ikisi çox böyük insani dəyərlərə malik olan şəxslərdi. Arada düşünürəm mən necə edim ki, Rafiq və Anar kimi insan sevgisi məndə də olsun. Mən onlarla ortaq olmazdım, dost olmağı daha çox tərciyə edirəm, çünki biznes daha çox rasionallığı tələb edir, amma dostluq bunu sevmir. Ümumiyyətlə mən hesab edirəm ki, AİR-in üstünlüyü ondan ibarətdir ki, biz hamımız bir – birimizi hansısa formada tamamlayırıq. Bu tamamlama olanda və ortada kommersiya yox, ürək işi olanda, yaxşı alınır.

– Siz ölkədə bir çox marketinq hadisələrinin təşəbbüskarlarından birisiz, amma eyni zamanda ölkədə marketerlərin dini ainlər ərtrafında keçirilən tədbirlərin də təşəbbüskarlarındansız. Necə düşünürsüz, marketerlər və dini ainlər bir arada mümkündürmü? 

– Mən marketinqi lokal fəaliyyət kimi görürəm. Mən düşünürəm ki, marketoloq yaşadığı ölkəni hiss etməlidir. Əgər biz bu gün Azərbaycanda yaşayırıqsa və görürük ki, ramazan ayında insanların, müştərilərin böyük əksəriyyəti oruc tutur, ibadəti daha da çox edir, deməli marketoloq da buna adaptasiya olunmuş hərəkətləri daha da çox etməlidir. Mən marketoloqun yalnız ölkədə olan adət – ənənələri başa düşdüyü halda uğurlu olacağına inanıram. Mən hesab edirəm ki, marketoloq yaşadığı ölkənin nəbzini tutmalıdır. Bu gün sən Azərbaycandasansa, marketoloqların Novruz görüşünü edə bilərsən, Almaniyadasansa, Vainaxt edə bilərsən, Rusiyadasansa, pasxanı qeyd edə bilərsən. Bir növ marketinq qlobal elm deyil, lokal fəaliyyətdir. Ən uğurlu markalar lokal markalardır. Qlobal düşünürlər, amma lokal hərəkət edirlər. Bu mənada mən düşünürəm ki, ölkədə marketoloqların belə görüşmələri doğrudur. Bir də qeyd edim ki, biz marketoloq olmaqdan daha çox insanıq. Hər bir insanın yaxşı günü qeyd etməyə ehtiyacı var. Mən hesab edirəm ki, marketoloqların sevincli, yaxşı günlərdə toplaşması yalnız və yalnız müsbət hadisədir.

– Biraz öncə qeyd etdiz ki, məmur biznesdən getsə çox yaxşı olar. Amma reallıq budur ki, bu gün məmur biznesdədir. İlkin Manafov işsiz qalsa, bir məmumurun biznesində marketoloq kimi çalışacaq ya çalışmayacaq? 

– Ruslar deyir “Heç vaxt heç vaxt demə”. Bu suala qəti cavab verə bilmərəm ki, heç vaxt işləmərəm. Ancaq İlkinin seçimi olsa ki, hansısa məmurun biznesində 10 manat, amma hansısa qeyri – məmurun biznesində 5 manat əmək haqqı alarsan, mən tərəddüsüz İlkin Manafov ikincini seçər. Amma mən heç vaxt deyə bilmərəm ki, heç vaxt bunu etmərəm.

– Biznesdəki bürokratiya – şirkətdaxili bürokratiya biznesin inkişafına necə təsir edir?

– Marketoloq bürokratiyanı sevmir. O koorporativ kamikadzedir. Özünə bomba bağlayır və koorporativ adət – ənənlərin üstünə gedir ki, partlatsın. Bu zaman özü də ölür. Mən hesab edirəm ki, bürokratiya sözü marketinqin düşmənidir. Marketinq çevik qərar verməlidir, bazarı bilir, bazar isə sevmir bürokratiyanı. Bu gün ağdır, sabah qırmızıdır, amma marketinq ağı qırmızı kimi göstərməlidir.

– Sonda; Bu gün Azərbaycanda necə bizneslər qurmaq olar, böhran dövründə hansı bizneslər qurmaq məsləhətdir?

– Ümumiyyətlə çox adamlar deyir ki, mən biznes qurmaq istəyirdim, hayıf böhran oldu. Kökündən yalnışdı. Böhranda qurulmuş bizneslər, adi iqtisadi  durumda qurulmuş bizneslərdən daha möhkəm olur. Səbəb odur ki, böhran dövründə iqtisadi koonyuktor dəyişir. Şərti olaraq German Studio bu gün hiss etdi ki, Almaniyadan yalnız hazır məhsul yox, həm də polfabrikat gətirə bilər və alman keyfiyyəti ilə burda istehsal edə bilər. Amma təzə qurulmuş biznes bunu daha yuxarıdan görə bilər və biznesin sturkturunu yeni ehtiyaca uyğun formalaşdıra bilər. Ona görə mən hesab edirəm ki, əgər biznes qurmaq istəyirsizsə, onu böhranda qurmaq lazımdır. Böhranda həm də rəqiblərin əli boşalır. Siz böhranda qurulmuş bizneslərdə daha öndə ola bilərsiz. Hansı biznes qurmaq məsələsinə gəlincə… Mən düşünürəm ki, istənilən sektorda böhran məhsulu qurmaq olar. Vacib deyil bu restorandı geyim mağazasıdır və ya başqa biznesdi. Bu gün elə restoranlar var ki, orada növbədir. Demək ki, restoran sektoru böhranda çökür ifadəsi doğru deyil. Ümumi olaraq mən hesab edirəm ki, bu gün Azərbaycanda ən  uğurlusu internetdə qurulan biznesdir. Amma 2012-2013-cü illərdə mən hesab edirdim ki, internetdə biznes qurmaq offline biznesə baxanda daha uğursuzdur. Bura yalnız elektron ticarət  nəzərdə tutulmur. Ümumiyyətlə internetdə biznes qurduğumuz zaman ən gözəl satılacaq məhsul informasiyadır. Ümumiyyətlə mən hesab edirəm xəyyalara çatmağın yolu şəxsi biznesdən keçir. Əlbətdə koorporativ karyera da yaxşıdır, saat 6-dan sonra telefonu söndürüb yaşamaq da, arada məzuniyyət götürüb dincəlməyə getmək də yaxşıdır, amma xəyyalara aparan yol  dırnağınla qurduğun şəxsi biznesdən keçir. Mən gənclərə çox səmimi deyirəm, böhrandan istifadə edin. Böhran şəxsi biznes qurmaq üçün əla şansdı. İllərlə var olan bizneslər sirkələnir, onlar bu günü hesablamamışdılar. Ancaq gənc biznes, yeni biznesdə heç bir çətinlik ola bilməz.

Pərviz Əzimov

Qaynar.info

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close