image_pdfimage_print

Təbii ki, yay-istirahət mövsümü olduğuna görə təyyarə biletləri, uçuşlar və ya xarici ölkəyə getmək yolları hal-hazırda çox aktual mövzuya çevrilmişdir. Bu yazıda istəyirəm Sizə ölkəmizin hava yolları şirkəti olan AZAL-ın bazara təqdim etdiyi AZALjet brendi barədə fikirlərimi çatdırım. Orta statistik Azərbaycanlıdan fərqli olaraq mən “cavan vaxtı” marketoloq olduğum üçün məsələyə yalnız sərnişin, ölkə vətandaşı gözü ilə deyil, həmdə marketoloq olaraqda baxmağa çalışacam.

İlk olaraq qeyd edim ki, xaricə səfər etmək istəyən də mümkün olan bütün axtarış imkanlarından istifadə edirəm ki, səfərim daha ucuz (rahat) başa gəlsin. Ucuz bilet satan bütün onlayn satış saytlarında, Hotel reqistrasiya imkanlarından, apartament kirayəsi ilə məşğul olan saytlarda günlərlə vaxt keçirirəm. Elə əzəl-qədimdən xaricə çox getdiyim üçün bu sahədə əməlli başlı “təcrübəm” var!) Amma yazıda biz Sizə xaricə az pul xərcləməklə necə gedək suallına deyil, AZALJet brendinin məntiqindən və (və ya) məntiqsizliyindən danışmaq istəyirəm.

Laaap keçmiş zamanlardan brend yaratma üzrə nəzəriyyəçi alimlər deyirlərdi ki, istənilən brendin mütləq qaydada özünə məxsus hədəf kütləsi və bu kütləyə cazib olacaq təklifi olmalıdır. Buna çox zaman vəd demək olar. Brend öz adını müştəriyə səsləndirərək ona vəd vermiş olur. Məsələn, sən özünə Mersedes E Class alırsansa, deməli avtomobil rahat, dözümlü və statuslu olmalıdır. Bunu bizə Daimler şirkəti öz Mersedes brendi simasında vəd verir. KİA alanda… təbii ki, bunu gözləmirsən və s.

Eləcədə AZALJet və ya AZAL-ın bir brend olaraq müştərisinə verdiyi bir zəmanət, vəd olmalıdır. Mən hesab edirəm ki, AZALjet brendinin yaranması sırf, AZAL şirkətinə olan dövlət başçısı və əhalinin iradları əsasında qurulmuş təklifdir və heç bir şəkildə brend olmaq iddiyasında deyil. Ümumiyyətlə bu “brend” əhalinin (bizim) gözümüzdən pərdə asmaq üçün edilib və heç bir iqtisadi faydası yoxdur.

Fikirlərimi izah etmək üçün icazə versəniz xarici təcrübəyə əsasən bir balaca bençmarkinq edərdik. Dünya təcrübəsində hava yolu şirkətlərinin ekonom brendlər yaratmasına çox rast gəlinib. İnanıram ki, dediklərimlə razılaşacaqsınız. Başlayaq xarici hava yolu şirkətlərinin etdiyi yollardan…

Hə, birdə deyə bilərsiniz ki, ay İlkin… nə istəyirsən bu AZAL-an?! Bir dəfə dedin, bəsdir. Məndə deyirəm ki, adından Azərbaycan sözü olan istənilən şirkət əslində mənimdir (sənindir, onundur və s.) çünki bu şirkət Azərbaycan Dövlət Büdcəsi tərəfindən maliyyələşir. Dövlət şirkətidir. Dövlətdə bizimdir – BİZ dövlətin deyilik (!)

Türkiyyə təcrübəsi: THY – Pegasus. Türk hava yolları Türkiyyə hava daşıma sektorunda böyük bazar payı ilə lider olduğunu çoxlarımız bilirik. Təbii olaraq bazar payını artırmaq, üçün bazara Pegasus adıyla yeni brend təklif edir. Əgər THY güclü marketinq xərcləri, keyfiyyətli xidməti ilə qlobal hava yolu şirkəti kimi özünü mövqeyləndirirdisə, Pegasus əhalinin aşağı gəlir səviyyəli kütləsini xitab etmiş olur.

Pegasus brendinin yaranma məntiqi ilə yaxından tanışam, çünki bu şirkətin brend strateqiyasını quran Güvən Borça (Markam şirkəti) ilə o vaxt Azərbaycanda Madeyra brendinin qurulması üçün eyni çalışırdıq. Güvən bəy, məsləhətçi kimi çıxış edirdi. Madeya brendi (Embawood şirkətinə məxsusdur) ekonom sinifə xitab etdiyi üçün o vaxtlar işimizə görə Pegasus təcrübəsini ciddi öyrənirdik. THY və Pegasus arasında “gözlə” görünəcək qədər ciddi fərqlər var. Bunlar hansılardır:

  • THY öz ucuşlarını adətən Atatürk Hava Limanını etdiyi halda, Pegasus Sabiyə Gökçə hava limanından uçurdu. İstanbulda olanlar bilir ki, bu iki hava limanın infrastrukturu bir deyil və əlbəttə ki, Sabiyə Gökçə uçuş qiymətləri daha ucuzdur;
  • THY təyyarə içərisində maksimal xidmət göstərdiyi halda, Pegasus təyyarə içi xidmətini minimum səviyyə çatıdırıb. Burda söhbət yalnız yemək və ya bagajdan getmir. Ümumi olaraq bu iki hava yolları arasında fərqlər var;
  • THY ucuş etdiyi yerlərlə, Pegasusun kəsişmə nöqtəsi cəmi-cümlətini 30%. Başqa sözlə desək, THY hara, Pegasusda ora məntiqi deyil, bu şirkətlərdə. Hər hava nəqliyyatı daşıması şirkətinin öz müştəri profilinə görə bazarda təklifi var. Təklif tam differensiallaşıb.

Rusiya təcrübəsi. Aeroflot – Pobeda (Победа). Rus şirkətinin etdiyi strateqiya əslində THY (Pegasus) məntiqinə çox oxşayır. Eyni şəkildə Aeroflot reyslərini Moskvanın ən muasir Hava limanı olan Şeremetyevadan həyata keçirir, Pobeda isə Vnukovadan. Aeroflot “at oynatdığı” reyslərdə təbii olaraq ki, Pobeda yoxdur. Həmçinin hamının bildiyi “pegasusvari” xidmət Pobeda markasını fərqləndirir.

Eyni məntiq digər hava yolları şirkətlərindədə var. Sadəcə açığı uzun-uzadı yazmağa həvəsim yoxdur!) İstəsəniz özünüzdə axtarış edib, əmin olacaqsınız.

Diqqət edin, istər Pegasus, istərsədə Pobeda, AZAL kimi, AZALjet… etməyiblər. Bir növ müştəridən bu brendlərinin THY-na və ya Aeroflota məxsus olduğu gizlədilir. Məntiq çox sadədir. Əgər bazara ana brenddən ucuz qiymətə və keyfiyyəti ana brendin imicinə xərər verəcək səviyyəli yeni brend çıxarılırsa, bunu ana brendin adı ilə bağlamaq olmaz. Müştəri müqayisə edə bilər və bu zaman istət-istəməz keyfiyyətsizlik (zəif xidmət) önə çıxır. Devid Aakerin sözləri ilə desək, Ev Brend konkret hala görə düzgün qərar deyil. Brendlər Evi olmalıdır. Necə məsələn, P&G və ya Mars LLC kimi.

Əzizlərim… bunu “pensiyada” olan marketoloq olaraq mən bilirəmsə, deməli bu işlə gündəlik məşğul olan AZAL işçiləri dünəndən bilir (bilməlidir). Bu axı çox sadə işlərdir. Bəs görəsən… başlayaq görəsənlərdən?!

Görəsən №1. Bakı ölkəmizin paytaxtıdır. Bu şəhərdə bir hava limanı var. Eyni zamanda biz bilirik ki, AZAL öz bazarını ən çox Gürcustandan edilən uçuşlara itirir. Gəncə kimi, ölkəmizin ikinci böyük şəhərində Hava limanı ola-ola niyə bizim AZALjet öz uçuşlarını Gəncədən etmir?! Niyə Gəncəyə daha çox diqqət edilmir? Gəncədə, Qəbələdə hava limanları salınıb axı. Niyə biz bu yerlərdən ekonom qiymətli reyslər təşkil etmirik. Bakı qoy AZAL-a qalsında. Niyə biz AZAL və AZALjet arasında kanibalizasiya yaradırıq?! Kanibalizasiya… çətin danışdım!?)) Bağışlayın.

Demək istəyirəm ki, Bakıdan uçan əvvəl AZAL ilə uçurdu, indi uçur AZALjetlə, Gurcustandan uçan hər zaman Gurcustandan uçurdu, indidə uçur Gurcustandan… da onda AZALjet niyə yarandı, elə AZAL qiymətlərini salardıda!?)

Görəsən №2. Hamı bilir ki, AZAL reysləri hara uçur. AZALjet yaranıbsa niyə o brendə uyğun xüsusi marşrutlar hazırlanmır? Bu brend elə AZAL-a rəqabət aparmaq üçün bazara girib? Qardaş yeni reyslər açında… bunu bilməyə nə var? Baxın görün camaat ən çox hardan-hara üçur. Belə edin və “vurunda” bu xarici hava şirkətlərini. İnanın ki, Sizin yerinizə mənim ürəyim darıxır. Axı Siz orda işləmək üçün oturmusuz?! Niyə beyinlərinizdə hələdə “məmur” məntiqi qalıb? Qaldırın “yumşaq” yerini işləyində… aaa, hirsləndim, özüm-özümdən. Yadıma düşsə, dərc etməyəcəm bu hissəni, pozacam.

Sözümün canı odur ki, AZALjet super fikirdir, amma fikir super olsada icrası bərbəddır. AZALjet elə bil, AZAL müştərilərini “yemək” üçün bazara girib. Əminəm AZAL-da satışlar düşüb. Niyədə düşməsin? İmkanı olan (daha doğrusu olmayan) elə AZALJetlə uçarda, guya nə fərq var? Hətta reqistrasiya yeridə birdir.

Görəsən №3. Hamı bilməsədə mən bilirəm ki, AZAL-da çox güclü kadrlar var. Dünya görüşlü (olacaqlarda dünya görüşlü bütün gunu təyyarədə gəzirlər – zarafat edirəm), ixtisasını bilən, biznes düşüncəli və s. Bəs bunlar niyə elementar olan şeyləri etmir? Yooox. Yenədə yox. Mən bilirəm ki, onlar məndən hava yolları sistemini 10 dəfə daha yaxşı bilirlər. Necə ki, mən onlara mebeldən dərs keçərəm, əminəm ki, onlarda mənə hava yolları marketinqən dərs keçərlər. Bəs niyə AZAL-ı, adında Azərbaycan sözü olan şirkəti belə savadsız şəkildə idarə edirlər!?

Axı bizə turizm lazımdır. Axı biz istəyirik bizə xaricdən adamlar gəlsin. Yox? İstəmirik? Əlbəttə istəyirik. Bəs niyə etmirlər?

Bilmirəm. Vallah bilmirəm!

Neysə, çox danışdım. Bügün Çində qasırğa deyiblər, oturmuşam Hoteldə, hesabatlara baxdım, sonrada vaxtım oldu, Sizinlə dərdləşdim. Çox danışdım!? Sən Allah bağışlayın.

İstəyirəm sadəcə ölkəmizi təmsil edən şirkətlərdən hamı öyrənsin. İstəmirəm bizə gülsünlər. Səndə istəmirsən elə deyil!? Onda sənda AZAL-a de, AZ danışıb, çox bilet ALmasını təmin etsinlər. Gəncə, Qəbələ hava limanlarını “işlətsinlər”. Yevlaxı işlətmirlər, heç olmasa Gəncəni batırmasınlar!

P.S. Sosial şəbəkələrə girə bilmirəm, imkanın varsa, yazını paylaş, çox adam görsün. Çox sağ ol!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close