image_pdfimage_print

Bugünlərdə 525-ci qəzət və bir neçə aparıcı internet saytlarında müsahibəmiz dərc edilmişdir. Buradan maraqlı suallar üçün təcrübəli jurnalist dostumuz Dünya xanım, Muradovaya təşəkkürümüzü bildiririk. İntervyuda, biznes, şəxsi inkişaf, marketinq və ümumi vəziyyət barədə fikirlərimizi paylaşdıq. İstəsəniz aşağıdan oxuya bilərsiniz.

Zamanın “Təhsil + Karyera” cəminə bölgüsündən qismətdə “Uğur” əldə edənlər həqiqətən də uğurlu insanlardır. İlk baxışda sadə əməliyyat kimi görünsə də, amma heç də göründüyü kimi bəsit deyil. Müsahibəmizi oxumaqla bir daha əmin olacaqsınız ki, həyatın “Qızıl nisbət” formulunu əldə etmək üçün nələri bilmək vacibdir. Beləliklə uğurlarının sirlərini bizimlə bölüşəcək bugünki müsahibimiz Marketing AİR praktik marketinq təlimlərinin, Milli Marketing Forumunun, FMR TV-nin həmtəsisçisi, German Studio və Evin mağazalar şəbəkəsinin sahibi, iqtisad elmləri üzrə fəlsəfə doktoru İlkin Manafovdur.

Modern.
az onunla müsahibəni təqdim edir:


-İlkin müəllim, istəyirəm məktəb illərinizdən danışasız. Çünki uğurlu karyeranın bünövrəsində sağlam məktəb bilikləri dayanır.

– Məktəb insanın formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Mənim bəxtimdən istər müəllimlərim, istərsə də sinif yoldaşlarım çox yaxşı, faydalı insanlar olublar. Hesab edirəm ki, orta məktəbdə keçilən dərslərlə, müəllimlərimizin verdiyi biliklərlə yanaşı, sinif yoldaşları da çox vacibdir. Bu cəhətdən mənim bəxtim çox gətirib.


– Məktəb illərində fərqlənmisinizmi, fənn olimpiadalarında iştirak etmisinizmi?

– Nə gizlədim, məktəb illərində riyaziyyət fənnindən başqa heç nədə fərqlənməmişəm. Hətta Sizə bir sirr açım, dərslərimi güclə oxuyurdum. Bütün diqqətim şahmatın üzərində cəmləşmişdi. Mən orta məktəbdə aktiv şəkildə şahmat yarışlarında iştirak edirdim.

-Yeri gəlmişkən, şahmat üzrə beynəlxalq yarışların qalibisiz. Dərslərinizə maneə olmurdu ki, şahmata sərf etdiyiniz zaman?

 

– Çox mane olurdu. Amma mən hesab edirəm ki, orta məktəb proqramı bir-başa olaraq müasir insanın dünya görüşünə tam təsir etmir. Şahmat bu sahədə daha çox şey öyrədir. Məsələn, mən bir çox beynəlxalq yarışların qalibi olmuşam və hal-hazırda hiss edirəm ki, şahmatın mənə öyrətdikləri gündəlik biznes həyatında çox kömək edir. Şahmat həyatın bir növ kiçik formada modelidir. Çox tövsiyyə edərdim ki, valideynlər şahmata əhəmiyyət versinlər.

– İlk ali təhsilinizi hansı universitetdə almısınız?

 

– İlk ali təhsilimi Mingəçevir Politexnik İnstitutunda almışam. Əyalətdə yerləşməsinə baxmayaraq, orda çox şey öyrənmişəm və hər zaman Mingəçevir Politexnik İnstitutunun (indiki Mingəçevir Dövlət Universiteti) müəllim-professor heyyətinə çox minnətdaram.

– Almaniya və Rusiyada “DAAD” və “MBA” proqramları üzrə təhsilinizi davam etdirmisiniz. Bu haqda danışmanızı istərdim. Hansı çətinlikləri yaşamısınız.
– Bilirsiniz, xarici təhsil və ya başqa sözlə desək, xaricdən öyrənmək çox vacibdir. İstər DAAD oxuduğumuz illər, istərsədə Moskvada oxuduğum MBA mənim üçün böyük məktəb olub. Amma sizdən nə gizlədim, mənim üçün əsas məktəb həyatın, biznesin, praktikanın öyrətdikləridir. Yalnız, MBA və ya PhD bilikləri ilə, biz bir növ akvariumda üzən balıq rolunda oluruq. Biznesdə praktika istənilən ali məktəb biliyindən öndədir məncə.


– Xaricdə təhsil alarkən heç orda qalıb karyera qurmaq istəyiniz olubmu, yoxsa vətən həmişə sizi doğma yurda səsləyib ?

– Heç vaxt. Mən Azərbaycanı çox sevirəm. Bakının, doğulduğum Yevlax şəhərinin sözün tam mənasında vurğunuyam. Əlbəttə, xaricdə uğurlu karyera qurub millətimizə, xalqımıza xeyir verən çox saylı dostlarımız da var. Burdan onları salamlayıram. Sadəcə mən öz adıma deyə bilərəm ki, doğulduğum yerlərə çox bağlıyam və hər zaman məhz Azərbaycanda işləmək istəmişəm.


– İlk iş təcrübəsinə hansı şirkətdə başlamısız və bu, sizə nələri öyrətdi?

– İlk təcrübəm “Embawood” şirkətində başlayıb. Bu şirkət mənə həqiqətən də çox şey öyrədib. Yadıma gəlir, işə düzəldiyim vaxtlar şirkətin mərkəzi ofisində ən az əmək haqqı alan işçi idim. İşdən ayrıldığım vaxtlar ən çox maaş alan işçilərin siyahısında idim. Şirkətdə böyük karyera yolu keçmişəm və hər zaman dediyim ki, “Embawood” mənim üçün çox doğma şirkətdir. Nə Almaniya, nə Rusiyada oxuduğum MBA, nə digər xarici ölkələrdə keçdiyim çox saylı kurslar “Embawood”-da öyrəndiyimlə müqayisə edilə bilməz.


– Kifayət qədər təhsilli və təcrübəli insansınız.Həyatda özümüzü tapmaq üçün hansı daha vacibdir-təhsil yoxsa təcrübə?

– Bilirsiniz, burda çox incə bir məqam var. Əgər söhbət 100%-li insandan, menecerdən, biznesmendən gedirsə, praktika ilə təhsil (nəzəriyyə) paralel olmalıdır. Çox vacibdir ki, oxuduğunu praktikada tətbiq edəsən həmçinin əksinə. Hesab edirəm ki, uğurlu menecer bu iki amilin hər ikisinə sahib olmalıdır.


– Marketing və Brending terminləri nə vaxtdan doğmalaşdı sizə?

– Bu iki termin və ya ümumiyyətlə iqtisadiyyatın əsas qolu kimi marketinq mənə işə başladığım vaxtdan mənimlə oldu. Həmçinin mən, marketinq sahəsində namizədlik dissertasiyası müdafiə etdiyimdən, bir növ həm nəzəri, həmdə praktik cəhətdən bu istiqamətlərə bağlıyam.


– İlk Milli Marketing Forumunun təşəbbüskarınız. Sizi milli marketingimizin memarı hesab edə bilərik?

– Əslində  belə sualın olmağı insana çox yaxşı motivasiya verir. Məni sevindirir. Həqiqətən də Milli Marketinq Forumu ölkənin biznes həyatında ən vacib tədbirlərdən biridir. Biz Milli Marketinq Forumunu iki yaxın dostumuz və ölkənin sözün əsl mənasında güclü marketoloqları olan Anar Bayramov və Rafiq Vəliyevlə birlikdə qurmuşuq. Açığına qalsa, bu tədbirdə adlarını çəkdiyim şəxslərin rolu çox böyükdür. Biz Anar və Rafiqlə birlikdə Marketinq AİR istiqamətini yarada bilmişik. Amma heç bir şəkildə demək olmaz ki, ölkə marketinqinin memarlarıyıq.

Marketinq biznesin əsas tərkib hissəsidir və hesab edirəm ki, ölkəmizdə marketinqin memarları sözün həqiqi mənasında güclü bizneslər qurmuş Azərbaycan sahibkarlarıdırlar.


– Həmçinin ilk praktiki marketing təlimlərinin təsisçisisiniz. Təlimlərdə nələri müşahidə edirsiz, Azərbaycan gəncliyi inkişafa nə qədər meyillidi?

– Azərbaycan gəncliyi biliyi, təcrübəyə acdır. Bugün çox sevindirici haldır ki, Marketinq AİR təlimləri başladığı zaman sözün əsl mənasında anşlaq olur. Bizim əsas iş fəaliyyətimiz bizneslə əlaqəli olduğu üçün Marketinq AİR təlimləri cəmi ildə 2 dəfə keçirilir və hər dəfəsində biz hiss edirik ki, gənclərimizin marketinqə olan həvəsi artan trendlə inkişaf edir. Bu superdir.

– Təlimdən söz düşmüşkən, yəqin sosial şəbəkələrdə müxtəlif sahələrdə və mövzuları əhatə edən saysız-hesabsız ödənişsiz təlimlərin elanlarının şahidi olmusunuz. Buna münasibətiniz necədir ?
– Bazar iqtisadiyyatının ən mükəmməl tərəfi burada pis olan hər şeyin tezliklə yox olmasıdır. Əgər planlı iqtisadi sistemdə təkliflər planla tənzimlənirdisə, bugün hər şey çox asandır. Sizi inandırıram, pis olan hər şeyi bazar özü çıxaracaq. Biz ondan narahat olmalı deyilik. Necə deyərlər, elin gözü tərəzidir.


– “360° Brending” necə yarandı? Hansı zərurətdən doğuldu kitab yazmaq ehtiyacı?

 

– “360 dərəcədə brendinq” ana dilimizdə brendinq haqqında yazılan ilk kitabdır. Kitabın yaranma məntiqi isə çox sadədir. Biz Azərbaycan bazarında brend yaratma istiqamətində əldə etdiyimiz biliklərimizi yalnız keçirdiyimiz tədbirlər, yazdığımız bloglarla deyil, həmçinin kitabla həyata keçirmək istədik. Nəticədə kitabımız yarandı. Biz bu kitabı çap etdirdik və… hal-hazırda Azərbaycan dilində biznes haqda ən oxunaqlı kitablardan biri oldu. Hər dəfə kitab mağazalarından zəng edib, kitabımızın bitdiyini dedikdə çox sevinirəm. Müəllif üçün kitabın oxunaqlı olduğunu bilməkdən dəyərli nə ola bilər!?

Həmçinin əlavə etməliyəm ki, kitab yazmaq bizim marketinqin inkişafı istiqamətində etdiyimiz silsilə tədbirlərdən biridir. Məsələn, son bir ildə ana dilimizdə Anar Bayramov tərəfindən “Biznes nə istəyir”, Rafiq Vəliyev tərəfindən “Böhrandan yeni dövrana”, “Bugünün marketinqi” kimi kitablar dərc edilib. Ümumi Marketinq AİR olaraq 6 kitab dərc etdirmişik.


– Azərbaycanda brending varmı? Hansı brendimizlə istər ölkəmizdə, istərsə də xaricdə fəxr edə bilərik ?

– Əlbəttə, ölkəmizdə biznes ənənələrinin hələ yeni olduğunu nəzərə alsaq, bizdə brendlərimizin yaşı çox azdır. Azərbaycan brendləri dedikdə “Embawood”, “Azersun” şirkətinin məhsullarını, “Asan xidməti” yada salmaq olar. Hesab edirəm ki, yaxın illərdə biz daha güclü və sistemli yerli brendlərlə tanış olacayıq.

Brend dedik, brend hesab etdiyimiz bir mağazada yaşadığınız hadisə yadıma düşdü. “Zara”da baş verən o hadisəni milliliyimizi qorumaq naminə ictimaiyyətə lazımınca çatdırdınız, sizcə nə dəyişdi?

 

– “Zara”da olan hadisə sözügedən brendin timsalında Azərbaycanımızın əsas problemlərindəndir. Biz ilk növbədə özümüz-özümüzə qiymət verməliyik. Sözügedən hadisədən sonra “Zara Qafqaz” şirkətinin ofisindən mənə zəng edildi və Azərbaycanda bu hadisədən sonra bir nəfər də olsun, xarici işçi göndərməyəcəklərinə söz verdilər. Xarici işçilər yalnız təlimçi xarakterində olacaqlar.

Burda məntiq çox sadədir. Biz xarici dilləri bilməliyik, bu vacibdir. Amma biz həmçinin, öz ana dilimizə hörmətli yanaşmalıyıq və tələb etməliyik ki, Azərbaycanda Azərbaycan dilini bilən işçilər çalışsın. Hesab edirəm ki, burada sosial qınaq mütləq öz sözünü deməlidir.


– İqtisad elmi üzrə fəlsəfə doktorusunuz və hal-hazırda doktorluq dissertasiyası üzərində işləyirsiniz. Demək ki,”Beşikdən qəbir evinə kimi oxuyun” kəlamı bütün zamanlar üçün aktualdır ?

– Əlbəttə aktualdır. İnsan öyrənmədiyi andan həyatda olmur. Hər gün nələrisə öyrənmək və öyrəndiklərini paylaşmaq lazımdır.


– Həyatın qızıl nisbətini qurmuş insansınız. Uğurda şansın payı varmı, varsa, nə qədərdir?

– İlk əvvəl deyim ki, tutmuş deyiləm, tutmağa çalışıram! Suala gəlincə… əlbəttə şansın payı var. Amma şahmatçılar arasında yaxşı söz var: “Şans güclülərin tərəfində olur”. Məncə həyatda da bu belədir. Şans uğura layiq olanın yanında olur. Layiq olmaq üçün əlbəttə öz üzərimizdə ciddi işləməliyik.

-Səhv etmirəmsə, həm də ADİU-də (UNEC) dərs deyirsiniz. Tələbələrinizə və ümumiyyətlə Marketologiya sahəsində uğur əldə etmək istəyən gənclərə nələri tövsiyyə edərdiz?
– Aşıq gördüyünü çalar, mən sadəcə özüm necə etdyimi deyəcəm. Necə deyərlər doğru bildiyim budur. Təsadüflərə inanmaq lazım deyil, əgər nəyəsə nail olmaq istəyiriksə, onun yeganə yolu öz üzərimizdə işləməkdən keçir. Qorxmayın, istədiklərinizi edin. Əmin olun, alınacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close