indi daha yaxşıdır...

Əziz oxucu, çoxlarınız gündəlik həyatımızda: “eşi… əvvəllər heyf deyildi… filan şey, filan cür olardı və s.” tipli sözlər eşidirsiz. Hətta əminəm ki, bəziləriniz düşünürsünüz ki, əvvəllər həyat daha rahat (oxu yaxşı) idi, amma bizim fikrimizcə hər keçən gün, insan oğlu, yəni biz, öz həyat keyfiyyətimizi artırırıq. Biz hər keçən gün, daha uzunömürlü oluruq, daha yaxşı yeməklər yeyirik, daha gözəl paltarlar geyinirik, daha rahat mebeldən istifadə edirik və s. Həyatımız daha yaxşı olur. Bilirsiz niyə?

İlk əvvəl deyim ki, bizim genetikamız, mənfilərə qarşı daha müsbət reaksiya göstərir. Bu çox təbiidir, bizim ətrafımızda mənfilərdən, neqativlərdən danışıldıqca biz, öz uğursuzluqlarımıza haqq qazandırmış oluruq. Məhz buna görədir ki, insanlar neqativi daha çox sevirlər, əgər belə demək mümkündürsə. AMMA və LAKİN… bizim bloq heç bir şəkildə reytinq qazanmaq üçün deyil. Biz əminik ki, neqativ biznes adamının ən dəhşətli düşmənidir və bundan uzaq olmaq lazımdır. Bizim bloq Azərbaycanda ən oxunaqlı biznes bloq olaraq, qarşısına ən oxunaqlı olmaq deyil, biznes üçün faydalı olanları çatdırmağı hədəf qoyub. Hədəfimizə doğruda hərəkət edirik! Qayıdaq, əsas mövzuya, niyə bizim həyatımız əslində daha yaxşı olub?!

Təsəvvür edin… əvvəllər rayondan Bakıya gəlmək üçün neçə saat vaxtımız gedirdi? Məsələn, Yevlaxdan – Bakıya gəlmək üçün, mən orta məktəbdə oxuyanda minimum 6 saatımı ititirdim. Bəs bugün?! Bügün bu saat təxminən 3 saata gəlib çatıb. Mən daha rahat və ən əsası daha tez formada rayonda ola bilirəm. Nəticədə mən daha “ürəkli” rayonda olan işlərə diqqət ayırıram və bəlkə buna görədir ki, bizim rayonda olan işlərimizdə təxminən 70 nəfər adam çalışır. Bu axı, superdir. Deməli, həm mənim, həmdə rayonda yaşayan digər dostlarımızın həyat rifahı yaxşılaşıb.

Dünyünın ən böyük offlayn pərakəndə şəbəkəsi olan Wallmart-ın yaranma tarixi barədə oxuyuram. Təsəvvür edin ki, əfsanəvi pərakəndəçi Sem Uelton, ilk vaxtlar, özünə məxsus olan 42 mağazasının mühasibatçılığını 3 xanımla birlikdə həyata keçirirmiş. Kompyuterin heç “K” hərifə belə yox idi… və rəhmətlik Semin dediklərinə görə hər bir mağaza üçün ayrıca “alış-veriş” dəftəri tutulurmuş və ay sonunda bir-bir “sverka” edilirmiş. İndi necədir? İndi, nəyin ki, kağız 1C və Mikro proqramı olmayan şəbəkəyə, Afaq Bəşirqızının sözü olmasın… “…belə birtəhər baxırlar”.

Bölgədə supermaketi olan yaxın dostumun işində 1C artıq 10 ildir (!) fəaliyyət göstərir. Bugün hesabatçılıq çox asanlaşıb. Özünüz düşünün, hansı dövr daha yaxşıdır?!

Sizə bir söz deyim, amma öz aramızda qalsın, yaxşı!?) Ali məktəbə daxil olduğum birinci illərdə, çox bəyəndiyim bir xanım var idi (!). Birinci kursu bitirdiyimiz zaman, yay tətilində bir-birimizə, daha doğrusu o mənə, öz nömrəsini verdi – mən nömrəmi verməyə hazır idi… sadəcə o heç istəmirdi!)) Nömrəsini verdi… və mən, oğlan kimi, ona yay tətili boyunca zəng etməyi hədəfləyirdim. O vaxtlar, Facebook, Whats-Up bir yana qalsın, xanımın cib telefonu belə yox idi. Mənim telefonum var idi – Aselsan… amma bir balaca AMMA var idi… telefonum olsada, mənim konturum yox idi. Yadıma gəlir, 3 aylıq üçün “5 şirvanlıq” bir kart vururdum, bu da cəmi-cümlətəni 33 dəqiqə edirdi. 3 ayda!!!

Mən nə edirdim!? Mən Yevlax poçtuna gedirdim… və orda “butka-butka” gəzib, qıza zəng etməyə çalışırdım. Oda sağ olsun, danışa bilmirdi, çünki…  evlərində telefon bir yerdə idi və qardaşı daim evdə olurdu… belə-belə işlər. Bəs indi necədir? Cavanlar, əlinizi vicdanınıza qoyun və mənə səmimi şəkildə deyin. İndi necədir? İndi WhatsUp, Facebook, Instagram ümumiyyətlə telefonu lazımsız edib. İndi özünüz düşünün, hansı daha yaxşıdır?

yaxşı dediniz, yaxşı yadıma saldınız. O vaxtlar, mən şahmat üzrə yarışların qalibi olaraq, xarici ölkələrə gedirdim. Yadıma gəlir, bir dəfə, Macarıstanda keçiriləcək yarışa getmək üçün, düz 4 gün (!) bəli-bəli 4 gün, yolda qaldıq. Təsəvvür edirsiniz? Səbəb çox sadə idi, Azərbaycanın pulu yox idi və bizim sponsorlar bizə pulu o qədər az verirdilər ki, biz Budapestə getmək üçün, Bakı – Kiev təyyarə, Kiev – Lvov qatar, Lvov – Ujgorod (Çop) avtomobil, Çop – Macarıstan sərhədi avtobus, Macarıstan sərhədi – Budapeşt elektriçka, Budapeşt – Şiofok (Balaton) elektrikça ilə gedirdik… nəticə 4 gün yolda!

İndi… maşallah Bakı – Budapeşt – Şiofok təyyarə biletini almaq olur. Hansı yaxşıdır? Bu arada mən uşaq vaxtı, Almaniya, Yunanıstan, Çexiya, Türkiyyə… kimi ölkələrə gedəndə, sinifyoldaşlarım mənimlə fəxr edirdi… indi məktəblərdə uşaqlar yay tətili inşasını yazanda, Avropada getmədikləri yer olmur. Hansı yaxşıdır?

İstənilən sahədə, informasiyala çatmaq üçün dəhşətli işlər görmək lazım idi… məsələn, mən yadıma gəlir ki, uşaq vaxtı, Bruslinin kitabını atama aldırmaq üçün, Leningradda (S-Peterburgda) 3 gün, kitab mağazası gəzmişik. Bəs bugün? Bugün təki oxumaq istəyən olsun, kitab tapmaq 2×2. Elə deyil?

Əziz oxucu, bəs sabah necə olacaq? İnanın, inanın ki, sabah daha yaxşı olacaq. İnsanlar daha uzun yaşayacaq, daha rahat olacaqlar, həyat keyfiyyəti dahada yüksələcək. Burda əlbəttə, istehlakçı davranışıda dəyişəcək. Yeni vərdişlər, yeni istəklər və əlbəttə yeni təkliflər meydana çıxacaq. Bazar daha aktiv, rəqabət daha sərt olacaq. Buna hazırıqmı? Bilmirəm. Amma bir şeyi 100% bilirəm, indi dünya daha tez dəyişir, bugün sərhədlər gündən-günə silinir. Google, Facebooklar bizim dəyərlərimizlə, Amerikada yaşayan bir nəfərin dəyərlərini bir-birinə çox yaxınlaşdırıb. Azərbaycanda olan istənilən yenilik, bir göz qırpımında, hamı tərəfindən bilinir, sınaqdan keçirilir. İnformasiya daha tez yayılır, biznes aparmaq üçün maarifləndirici materiallar dahada çox olur və s. Bir sözlə, hər şey daha yaxşıdır…

P.S. Pis olan yeganə şeylərdən biri, Azərbaycanımızda hələdə sahibkarın, biznes adamının cəmiyyətimiz, xalqımız üçün necə dəyərli olduğunu başa düşməməyimizdir. Sahibkara qarşı diqqətisizlik, dövlət orqanlarında işləyənlərin “məmurluqları” biznesi hələdə sıxır. Bu çox pisdir. Hər dəfə demişik, indidə deyirik, dövlət məmurları, sahibkarın dediklərini etməlidir. Bu heç bir şəkildə əksinə olmalı deyil.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: